bazar 28 iyun 2026 - 21:01
Minab və Lamird şəhərlərində müharibə cinayətləri törədənlər mütləq mühakimə olunmalıdır

Hövzə | İslam İnqilabının Ali Məqamlı Rəhbəri məhkəmə hakimiyyəti həftəsi münasibətilə yayımladığı müraciətdə vurğulayıb ki, düşmənin həyata keçirdiyi son təxribatlar zamanı törədilən bütün cinayətlər, o cümlədən Minab və Lamird şəhərlərində dinc sakinlərin qətli, mülki obyektlərə hücumlar və şəhid Ayətullah Seyid Əli Xameneinin qətlə yetirilməsi ilə bağlı cinayət işləri daxili və beynəlxalq məhkəmələrdə ciddi şəkildə araşdırılmalı, günahkarlar ədalət qarşısında cavab verməlidirlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei məhkəmə sisteminin həftəsi və Ayətullah Behiştinin, eləcə də digər şəhidlərin ildönümü münasibətilə müraciət yayımlayıb.
Müraciətin tam mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə
Həzrət İmam Hüseynin (ə) və vəfalı silahdaşlarının müsibət və şəhadət günləri münasibətilə İran xalqına və İslam ümmətinə dərin hüznlə başsağlığı verirəm.
İmam Hüseynin (ə) mübarizə və qiyamı haqqın bərqərar olunması, ümmətin islahı, zülm və haqsızlığa qarşı mübarizə yolunda haqqla batilin, ədalətlə zülmün qarşıdurmasının tarixdəki ən uca zirvəsidir. Bu qiyam dünya azadlıqsevərləri üçün son dərəcə dəyərli və unudulmaz dərslər ehtiva edir.
İmam Hüseynin (ə) qanı «Allahın qanı» adlandırılır. Bu qan bəşəriyyətin damarlarında axaraq həyatverici qəhrəmanlıqlar yaradır. İran İslam İnqilabı da məhz bu nurani qaynaqdan bəhrələndiyi üçün daim İmam Hüseynin (ə) qiyamının ali məqsədlərinə çatmağa çalışmalıdır.
Hər il qeyd olunan 28 iyun tarixi inqilabın görkəmli simasını – məhkəmə hakimiyyətinin başında dayanaraq bu yolda yorulmadan çalışan, sonda isə inqilabın bir qrup səmimi silahdaşı ilə birlikdə şəhadət şərbətini içən şəxsiyyəti xatırladır. İmam Hüseynin (ə) və onunla birlikdə şəhid olan yetmiş iki nəfərin məzlumluğu bu quruluşun və onun yaradılmasında zəhməti olan şəxslərin həqiqi mahiyyətini bir daha təsdiqlədi.

Məhkəmə sisteminin uğuru xalqın dövlətə etimadını möhkəmləndirəcək

İran İslam Respublikasında məhkəmə sisteminin əsas vəzifəsi xalqın hüquqlarını qorumaq, ictimai hüquqları və qanuni azadlıqları bərpa etmək, korrupsiyaya qarşı mübarizə aparmaq, ədaləti təmin etmək, ilahi hökmləri icra etmək və qanunun tətbiqinə nəzarət etməkdir. Bu istiqamətdə qazanılacaq uğur, ilahi razılığı qazanmaqla yanaşı, xalqın dövlətin bu mühüm sütununa olan etimadını daha da möhkəmləndirəcəkdir.
Bütün hakimiyyət orqanlarından, o cümlədən dövlət qurumlarından və məsul şəxslərdən gözlənti budur ki, öz fəaliyyətlərini daim İran İslam Respublikası dövlətinin prinsiplərinə və xalqın ali mənafeyinə uyğun şəkildə tənzimləsin, zəruri islahatlar aparsın və fəaliyyətlərini təkmilləşdirsinlər.
Bu baxımdan məhkəmə sistemi ölkədə islahatların həyata keçirilməsi və digər dövlət institutlarının fəaliyyətinin canlandırılması üçün misilsiz, hətta əvəzolunmaz mövqeyə malikdir. Bu isə məhkəmə hakimiyyətinin öz daxilində də islahat və yenidənqurma prosesinin ardıcıl şəkildə davam etdirilməsini zəruri edir.
Hazırda cəmiyyətin ümumi gözləntisi ondan ibarətdir ki, məhkəmə hakimiyyətinin fəaliyyətində bu istiqamətdə konkret və əməli addımların şahidi olsun.
Belə ki, məhkəmə islahatları yalnız sənəd, proqram və yol xəritələrində yazılan hədəflər kimi qalmasın, real şəkildə həyata keçirilsin və onun nəticələri məhkəmə komplekslərinin iş otaqlarından və məhkəmə iclaslarından başlayaraq ictimai mühitə qədər bütün sahələrdə özünü göstərsin. Xalq bu müsbət dəyişiklikləri gündəlik həyatında korrupsiyaya qarşı qətiyyətli mübarizədə, hüquq pozuntularının azalmasında, işlərə baxılmasının sürətlənməsində, hakim qərarlarının keyfiyyət və möhkəmliyinin yüksəlməsində, eləcə də ədalətə çıxış imkanlarının daha da asanlaşmasında aydın şəkildə hiss etməlidir.

2025 və 2026-cı illərdə İran xalqına qarşı törədilmiş beynəlxalq cinayətlərin hüquqi təqibi ölkənin məhkəmə sisteminin ən mühüm vəzifələrindəndir

Belə bir məhkəmə sistemində ədalətin icrası elə bir səviyyəyə çatmalıdır ki, hər bir məzlum onu özünün etibarlı sığınacağı hesab etsin. Xüsusilə müəyyən səlahiyyət və nüfuza malik şəxslər başqalarının hüquqlarını tapdalamağa cəsarət etməməlidirlər. Məhkəmə sistemində himayədarlıq, tövsiyəçilik və vasitəçilik üçün heç bir yer qalmamalı, hər hansı tanışlıq və ya əlaqə heç kimə üstünlük qazandırmamalıdır.
Şübhəsiz ki, xalqın hüquqlarının müdafiəsi yalnız fərdi hüquqlarla məhdudlaşmır. İqtisadi təhlükəsizlik, imkanlardan ədalətli istifadə, təbii sərvətlərdən bərabər faydalanmaq, sağlam ətraf mühitdə yaşamaq, qanuni azadlıqlardan istifadə və səmərəli idarəçilik hüququ kimi ictimai hüquqlar da ədalətin bərqərar olunmasının əsas tərkib hissəsidir.
Hazırkı mərhələdə İran xalqına aid ən mühüm hüquqi və məhkəmə məsələlərindən biri də beynəlxalq cinayətkarların, eləcə də hegemon dövlət və təcavüzkar qüvvələrin, xüsusilə 2025 və 2026-cı illərdə törətdikləri cinayətlər nəticəsində xalqın tapdalanmış hüquqlarının hüquqi yolla bərpası və müdafiəsidir.


Minab və Lamird şəhərlərində müharibə cinayətləri törədənlər daxili və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər

Düşmənin həyata keçirdiyi son təxribatlarda şəhid olan insanların qanı, eləcə də ölkəmizə və İran xalqının hər bir vətəndaşına istər ölkə daxilində, istərsə də xaricdə vurulan maddi zərər, o cümlədən mənəvi, fiziki və psixoloji zərərlərə qədər bütün bu cinayətlər hüquqi araşdırma tələb edir.
Minab və Lamird şəhərlərində törədilən misli görünməmiş müharibə cinayətlərindən, o cümlədən xəstəxana və yardım mərkəzlərinə edilən hücumlar nəticəsində bir neçə günlük körpə uşaq və ahıl insanların qətlə yetirilməsinə qədər baş vermiş bütün faciələr, eləcə də İslam İnqilabının sabiq Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) şəhadəti minlərlə mühüm hüquqi işin əsasını təşkil edir.

Bütün bu cinayətlər üzrə məsul şəxslər daxili və beynəlxalq məhkəmə instansiyalarında ciddi şəkildə mühakimə olunmalı, onların törətdikləri əməllərə görə hüquqi məsuliyyətə cəlb edilməlidirlər. Bu, həm şəhidlərin qanı qarşısında, həm də İran xalqının tapdalanmış hüquqları qarşısında yerinə yetirilməsi vacib olan tarixi və hüquqi bir vəzifədir.

Aydındır ki, bu cinayətləri törədən şəxslər mütləq məsuliyyətə cəlb edilməli və törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını almalıdırlar. Bu məsələdə iki mühüm məqam xüsusi əhəmiyyət daşıyır.

Birincisi, ABŞ və sionist rejimin bəzi yüksək vəzifəli rəsmilərinin bu cinayətləri açıq şəkildə etiraf etməsi, hətta törətdikləri cinayətlər ilə həyasızcasına fəxr etməsidir. Şübhəsiz ki, bu etiraflar hüquqi baxımdan cinayətin təsdiqi hesab olunur və İran xalqının tapdalanmış hüquqlarının bərpası istiqamətində hüquqi proseslərin başlanması üçün mühüm zəmin yaradır.

İkincisi, şəhid Ayətullah Seyid Əli Xameneinin ötən ilin iyun ayında məhkəmə sisteminin məsul şəxsləri ilə keçirdiyi son görüşdə düşmənin həyata keçirdiyi son təxribatlar zamanı törədilmiş cinayətlərin araşdırılması barədə verdiyi göstəriş tələb edir ki, həmin tapşırıq son müharibədə törədilmiş cinayətlərə də şamil edilsin. Bu cinayətlərin hüquqi təqibi hökm çıxarılana və icra mərhələsinə çatdırılana qədər qətiyyətlə davam etdirilməli, qəbul olunmuş qərarların icrası isə səlahiyyətli qurumlara həvalə edilməlidir. Belə bir yanaşma gələcəkdə oxşar cinayətlərin təkrarlanmasının qarşısının alınmasında da mühüm rol oynayacaq.

Şəhid Ayətullah Seyid Əli Xameneinin tövsiyələrinə əməl etmək məhkəmə hakimiyyətinin uğurunun əsas açarıdır

Məhkəmə sistemində hərtərəfli islahatların həyata keçirilməsi və qarşıya qoyulan məqsədlərə daha sürətlə nail olunması üçün müxtəlif hazırlıq tədbirlərinin və zəruri şərtlərin təmin edilməsi vacibdir. Bu məsələlərin böyük əksəriyyəti şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət etsin) məhkəmə hakimiyyətinin məsul şəxsləri ilə hər il keçirdiyi görüşlərdə dəfələrlə vurğulanmış, ətraflı tövsiyə və göstərişlər şəklində bəyan edilmişdir.

Həmin tövsiyələrə ciddi şəkildə əməl olunması və onların həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi məhkəmə sisteminin hörmətli məsul şəxslərinin uğurunun əsas açarı hesab olunur. Bu məsələyə xüsusi diqqət yetirilməsi və göstərilən tövsiyələrin tam şəkildə həyata keçirilməsi mənim ciddi və israrlı tələbimdir.

Ədalətin bərqərar olunması, zülm və korrupsiya ilə mübarizə yolu asan deyil. Bu yol yalnız ixlas və Allaha təvəkkül, yüksək səviyyədə təqvaya bağlılıq, möhkəm iradə, ciddi əzm, yorulmaz fəaliyyət, cəsarət və qətiyyət, təşəbbüskarlıq, müasir texnologiyalardan səmərəli istifadə və idarəetmə sisteminin ağıllı şəkildə rəqəmsallaşdırılması ilə keçilə bilər.

İnşallah, bütün bunların gerçəkləşməsi uca Allahın izni və İmam Məhdinin (ə.f) xüsusi inayəti sayəsində mümkün olacaq.

Seyid Müctəba Hüseyni Xamenei

29 iyun 2026

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha